9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Sədərək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən tədbir keçirilib


Sədərək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Sədərək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə tədbir təşkil olunub. 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların və  ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək, İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində qazanılmış tarixi Qələbədən söz açıb, bu qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin misilsiz xidmətləri xatırlanıb.
Daha sonra çıxış edənlər bildiriblər ki, 1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 408 nəfər iştirak edib. Onların 207 nəfəri qəhrəmancasına həlak olub. Vurğulanıb ki, İkinci Dünya müharibəsində sədərəklilərin göstərdikləri igidlikləri onların övladları Azərbaycanın haqq savaşında bir daha təkrarlayıb. 44 gün davam edən Vətən müharibəsində sədərəkli vətən oğulları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib.
Tədbir icra hakimiyyəti başçısının, idarə, müəssisə və təşkilatların rəhbərləri və müharibə veteranlarının iştirakı ilə çay süfrəsi arxasında davam edib.