“Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC

Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metrhündürlükdə yerləşir. 2 avqust 2023-cü il tarixdən etibarən isə “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansında fəaliyyət göstərməyə başlayıb.

“Darıdağ” suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Hazırda burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Bu mineral sudan istər soyuq istərsə də isti içmək zərərlidir.